Molla rejimi Xəzər sahillərindəki çimərliklərə 7 min polis göndərib

 13:01 06.06.2024     185

İran hakimiyyəti Xəzər dənizi sahillərində çimərliklərdə hicaba nəzarət etmək məqsədi ilə bölgəyə 7 min polis əməkdaşı ezam edib.

Redaktor.az “Radio Fərda”ya istinadən xəbər verir ki, bunu İran polisi komandanının müavini Kasem Rezai bildirib.

O, xəbərdarlıq edərək vurğulayıb ki, isti mövsümün başlaması ilə çimərliklərdə baş verə biləcək istənilən qayda pozuntusuna qarşı qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

K. Rezai 7 min polisin qadın və kişilərdən ibarət olduğunu deyərək, əlavə edib:

“Hicab kimi qanuni normalara əməl etməyən hər kəs açıq-aşkar cinayətkardır”.

Mazandaran əyaləti polisinin komandiri Həsən Mofəhmi də iyunun 6-da asayiş keşikçilərinin "həssas" yerlərdə "tam təhlükəsizlik çətiri" və "kəşfiyyat elitası" yaratmaqla əyalətə səyahət edənlərə nəzarət ediləcəyini vurğulayıb. Bu nəzarət “Nur layihəsi” adlanır.

Qeyd edək ki, İranda hər il yay mövsümünün gəlişi, havaların istiləşməsi ilə əlaqədar polis hicab və qadın geyimlərinə nəzarəti də sərtləşdirir.