İsveçrə hökuməti NATO ilə əməkdaşlığı inkişaf etdirəcəyini AÇIQLADI

 17:56 07.06.2024     224

İsveçrə neytral statusuna baxmayaraq, Şimali Atlantika Alyansının etibarlı tərəfdaşı olaraq qalmaq üçün öz müdafiə potensialını gücləndirmək üçün NATO ilə dərin əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin 2022-2023-cü illərdə NATO ilə qarşılıqlı fəaliyyətə dair iyunun 7-də təsdiq edilmiş hesabatında deyilir.

Sənəddə qeyd olunur ki, “NATO ilə dərinləşdirilmiş əməkdaşlıq vasitəsilə İsveçrə Alyansın etibarlı, bacarıqlı və muxtar tərəfdaşı olaraq qalmaq üçün öz müdafiə qabiliyyətini gücləndirmək və inkişaf etdirmək niyyətindədir”.

Hökumət xatırladıb ki, 2023-cü ilin sentyabrında NATO ilə yeni fərdi tərəfdaşlıq proqramının qəbulu “həm institutlar, həm də məzmun baxımından tərəfdaşlıq əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımdır”. İlkin iki illik dövr üçün təsdiq edilmiş bu proqram tapşırıq məqsədlərini müəyyən edir.

“Bu sənəddə yer alan strateji məqsədlər nisbətən genişdir və dialoqun və praktiki əməkdaşlığın gücləndirilməsi, ümumi maraqlar çərçivəsində mövcud və ya gələcək təhlükəsizlik çağırışları üzrə qarşılıqlı fəaliyyətin və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlıdır”, - deyə Bern bildirib. 

Bern yanvarın 31-də hökumətin qəbul etdiyi xarici siyasət strategiyasında NATO ilə əlaqələrin gücləndirilməsi, o cümlədən hərbi təlimlərdə iştirak və hərbi qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə sadiqliyini təsdiqləyib. NATO və Aİ-nin üzvü olmayan İsveçrə bitərəf statusuna baxmayaraq, Ukraynada müharibə ilə əlaqədar Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları dəstəkləyir.

Turan İSMAYIL