"Türkiyə diplomatiyada da, sanksiyalarda da Fələstinin yanındadır” - Vitse-prezident
Türkiyə Qəzza zolağında vəziyyət nizamlanana qədər İsraillə ticarəti bərpa etmək niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barədə NTV telekanalının efirində respublikanın vitse-prezidenti Cevdet Yılmaz məlumat verib.
“Türkiyə dünyada ilk olaraq İsraillə ticarəti dayandırdı, ümid edirik ki, digər ölkələr də bundan nümunə götürəcək. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Qəzzada nizamlanmaya qədər İsraillə ticarət bərpa olunmayacaq. Türkiyə diplomatiyada da, sanksiyalarda da, hüquqi sahədə də Fələstinin yanındadır”, - o deyib.
Xatırladaq ki, İsrail və Türkiyə arasında münasibətlər 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda kəskin şəkildə pisləşib. Tərəflər dəfələrlə sərt ittihamlar səsləndiriblər. Aprelin 9-da Türkiyənin Ticarət Nazirliyi İsraillə 54 növ mal, o cümlədən tikinti materialları, sənaye avadanlıqları və metallurgiya məhsulları üzrə ticarətə məhdudiyyətlər qoyub. Mayın 2-də nazirlik İsraillə illik həcmi təxminən 9,5 milyard dollar təşkil edən ixrac-idxal əməliyyatlarının tam dayandırıldığını elan edib.
Turan İSMAYIL