Ukrayna və Yaponiya ikitərəfli təhlükəsizlik sazişi imzaladı

 19:55 13.06.2024     222

Ukrayna və Yaponiya 10 il müddətinə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb və 2024-cü il ərzində Kiyev Tokiodan 4,5 milyard dollar alacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

“Mən indicə Yaponiyanın baş naziri Fumio Kişida ilə G7 sammitində dövlətlərimiz arasında təhlükəsizlik sazişi imzaladım”, o, X-dəki səhifəsində yazıb.

 “2024-cü ildə Yaponiya Ukraynaya 4,5 milyard dollar verəcək və müqavilənin bütün 10 illik müddəti ərzində dövlətimizi dəstəkləyəcək”.

Onun sözlərinə görə, saziş Kiyevə təhlükəsizlik yardımını, eləcə də humanitar, texniki və maliyyə sahələrində əməkdaşlığı birləşdirir.

Eyni zamanda, Yaponiya qanunvericiliyinə və ölkənin hazırkı konstitusiyasına uyğun olaraq, Yaponiya Ukrayna tərəfini yalnız ölümcül olmayan texnologiya və avadanlıqlarla təmin edə biləcək.

Zelenskinin ofisi həmçinin qeyd edib ki, Yaponiya Ukrayna hərbçilərinə müalicə verəcək və Ukrayna ilə kəşfiyyat və məxfi məlumatların qorunması sahələrində əməkdaşlıq edəcək. Bundan əlavə, sənədə əsasən, Tokio Kiyevə nüvə təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Turan İSMAYIL