"Nevroloji xəstəliklər hazırda bütün dünyada sağlamlıq və əlilliyin əsas səbəbidir" - Təranə Tağı-zadə

 11:53 14.06.2024     147

Bu günlərdə Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB, Türkiyə Nevroloji Dərnəyi, Azərbaycan Daxili xəstəliklər Dərnəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı və “Uptodate in Medicine”nin texniki dəstəyi ilə Bakı Beynəlxalq Nevrologiya Konfransı keçirilib.

Redaktor.az xəbər verir ki, iki sesiyadan ibarət konfransda geniş təcrübəyə malik yerli və beynəlxalq məruzəçilər iştirak ediblər.

Konfransın açılış mərasimində çıxış edən Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə yaşadığımız əsrdə inkişafını və təsirini böyük sürətlə artıran nevrologiyanın təkcə elm sahəsində deyil, sosial sahədə də təsirli olmaqla dünya miqyasında aktuallığı ilə diqqət çəkdiyini deyib.

Bu mənada, Beynəlxalq Nevrologiya Konfransının ortaq çalışma və iş birliyi imkanlarını dəyərləndirmək baxımından mühümlüyünü vurğulayıb. Konfransın nevroloji xəstələrin müayinə və müalicəsi ilə məşğul olan bütün həkimlər üçün dərinləşdirilmiş nəzəri və geniş təcrübi biliklərin və bacarıqların öyrənilməsi və paylaşılmasına hesablandığını bildirib.

Alim çıxışında bir çox xəstəliklərin ana bətnindən - antenatal dövrdən başladığını qeyd edib. Hamiləlik toksikozu, oksigen çatışmazlığı və s. kimi səbəblərdən uşağın beynində qan dövranının pozula biləcəyini söyləyib: “Ona görə uşaq nevroloji  xəstəliklərinə multidisiplinar yanaşma olmalıdır. Çünki uşaqlıqda başlayan xəstəliklər məhz böyük yaşlarda davam edərək əlilliyin artmasına gətirib çıxara bilər”.

Təranə Tağızadə “Lancet Neurology” elmi jurnalında dərc olunan araşdırmadan sitat gətirib: “Hələ 2021-ci ildə dünyada 3 milyarddan çox insan nevroloji xəstəliklərdən əziyyət çəkib. Nevroloji xəstəliklər hazırda bütün dünyada sağlamlıq və əlilliyin əsas səbəbidir. 1990-cı ildən bəri əlilliyin, xəstələnmənin və vaxtından əvvəl ölümün məcmu yükü həyat keyfiyyətinin dəyərləndirilməsi göstəricisi - DALY indeksi ilə 18% artıb”.

O, 2022-ci ildə Ümumdünya Səhiyyə Assambleyasına üzv dövlətlərin “Epilepsiya və digər nevroloji xəstəliklər üzrə 2022-2031-ci illər üçün Sektorlararası Qlobal Fəaliyyət Planını”nın təsdiq olunduğunu qeyd edərək, sənəddə nevroloji pozğunluqların qarşısının alınması və erkən diaqnostikasının, eləcə də müalicə və reabilitasiya xidmətinin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə ölkələrin fəaliyyəti üçün yol xəritəsinin təqdim edildiyini bildirib.

Təranə Tağızadə hazırda dünyada 23 milyondan çox insanın nevroloji xəstəliklərin əvvəlcədən mövcud olan amillərindən, xüsusən də COVID-19-un nevroloji fəsadlarından əziyyət çəkdiyini diqqətə çatdırıb.

Beynəlxalq konfransda türkiyəli yüksək ixtisaslı, elmi dərəcəli həkim və mütəxəssislər “Uşaqlarda baş ağrılarının diaqnoz və müalicəsində yol xəritəsi”, “Epilepsiyanın diaqnozu və müalicəsinin yol xəritəsi”, “Kəskin işemik insultun diaqnozu və müalicəsinin yol xəritəsi” və digər mövzularda məruzələrini dinləyicilərə təqdim edərək, qeyd olunan xəstəliklərin diaqnoz və müalicəsində qarşıya çıxan problemlərin həlli yollarını izah ediblər.

Debatlar şəklində təşkil olunan sessiyalarda azərbaycanlı həkimlər “Nevrologiyanın əsas və nadir şərtləri. Autizm və komorbid nevroloji problemlər”, “Miqrenin müalicəsi”, “Klaster baş ağrıları” və başqa mövzularda təqdimatlarla çıxış ediblər.

Tədbirdə nevroloji xəstəliklərin müasir diaqnostikası və müalicəsinə dair beynəlxalq dərəcəli mütəxəssilər tərəfindən yeni multidisiplinar yanaşmalar təqdim olunub. Eyni zamanda, nevrologiya sahəsindəki son yeniliklər müzakirə edilib, bu sahədə uğurlu mütəxəssislər təcrübələrini bölüşüblər.

Redaktor.az