İtaliyada iki qayıq batdı, azı 10 nəfər öldü

 19:38 17.06.2024     183

İtaliya sahillərində iki qayığın batması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan itkin düşüb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın “ResQship” yardım təşkilatı tərəfindən idarə olunan “Nadir” gəmisinin xilasediciləri Aralıq dənizinin mərkəzində taxta qayığın aşağı göyərtəsində on cəsəd tapıblar.

Yardım təşkilatı Tunisdən yola düşdüyü güman edilən batan qayıqda olan 51 nəfərin xilas edildiyini bildirib.

Digər hadisə nəticəsində isə İtaliyanın cənubundakı Kalabriya sahillərindən təxminən 160 km aralıda İon dənizində qayığın batması nəticəsində 50 nəfərin itkin düşdüyü bildirilir. Aralarında hamilə qadın olan 12 nəfər ticarət gəmisi tərəfindən xilas edilərək “Roccella İonica” limanına aparılıb.

İtaliya mətbuatında yer alan xəbərlərə görə, miqrantlar son günlər Türkiyəni tərk edən yelkənli qayıqla səyahət ediblər. Göyərtədə İran, İraq, Suriya və Əfqanıstan vətəndaşları olub.

Qeyd edək ki, BMT 2014-cü ildən bəri Aralıq dənizinin mərkəzində 20 000-dən çox ölüm və itkin düşmə faktını qeydə alıb və bu, onu dünyanın ən təhlükəli miqrant keçidinə çevirib.