Madrid Rusiyanın Kataloniyanın İspaniyadan ayrılması cəhdində iştirakını araşdırır

 22:20 21.06.2024     191

Hüquq-mühafizə orqanları 2017-ci ildə İspaniyadan müstəqillik elan etməyə cəhd edilən Kataloniya ətrafındakı hadisələrə Rusiyanın mümkün müdaxiləsi ilə bağlı işi araşdırmağa başlayıb.

Redaktor.az bu barədə "Deutsche Welle"yə istinadəla xəbər verir.

İşin açılmasına əsas kimi İspaniya kəşfiyyat xidmətlərinin son illərdə topladığı çoxsaylı faktlar dayanıb.

Barselonanın 1 saylı istintaq məhkəməsinin rəhbəri Xoakin Agirre hesab edir ki, Rusiya Federasiyası separatçılara dəstək verib.

Bu işdə Kataloniyanın keçmiş lideri Karles Puçdemont və onun ən yaxın adamları da daxil olmaqla 11 kataloniyalı siyasətçi və məmur şübhəli bilinir.

Agirre əlavə edib ki, Rusiya Federasiyası Avropa İttifaqı ölkələrində siyasi və iqtisadi sabitliyi pozmaq istəyir, çünki Kreml digər dövlətlərə münasibətdə də oxşar cəhdlər edib.

Xatırladaq ki, 2017-ci ildə Kataloniya müstəqillik referendumu keçirdi və İspaniya hökuməti bunu qeyri-qanuni elan etdi. Buna baxmayaraq, Kataloniya parlamenti müstəqilliyini elan etdi və bu, İspaniya hakimiyyətinin müdaxiləsinə səbəb oldu.

Madrid Kataloniya hökumətini dağıtmaqla bölgəyə birbaşa nəzarəti ələ keçirdi. Separatçı liderlər həbs edildi və bəziləri, o cümlədən Karles Puçdemont təqibdən yayınmaq üçün xaricə qaçdılar.

Turan İSMAYIL