Dağıstanda terrorçunun məmur atası həbs edildi

 17:40 25.06.2024     156

Dağıstan məhkəməsi terror aktında yaxınları iştirak edən Serqokalinski rayonunun rəhbərini 10 sutka müddətinə həbs edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Dağıstan Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Zarema Mamayeva məlumat verib.

“Mahaçqala şəhərinin Leninski Rayon Məhkəməsi Maqomed Ömərovu Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş inzibati cinayəti törətməkdə təqsirli bilib, ona 10 sutka müddətinə inzibati həbs cəzası verib”,- deyə məlumatda bildirilir.

Onun sözlərinə görə, qərardan qanunla müəyyən edilmiş qaydada yuxarı instansiyaya şikayət verilə bilər.

Regional hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, Ömərov terrorçulara kömək etməkdə ittiham oluna bilər.

Sultan AYXAN