Orban Zelenski ilə sərt danışdı

 20:20 27.06.2024     253

Avropa İttifaqının sammitinin keçirildiyi Brüsseldən Qərb telekanallarının yayımına Macarıstanın baş naziri Viktor Orbanla Ukrayna prezidenti Vladimir Zelenski arasında söhbətin görüntüləri də daxil edilib.

Redaktor.az mk.ru-ya istinadən xəbər verir ki, onlar bir-birinin əlini sıxsa da qısa söhbəti emosional olub.

Macarıstan hökumətinin başçısı özü də iclas zalında Zelenskiyə yaxınlaşaraq ona əl uzadıb. Zelenski ayağa qalxaraq əl sıxmağa əvvəlcə təbəssümlə cavab verib.

Daha sonra Orban danışmağa başlayıb və Ukrayna lideri bu sözlərə emosional reaksiya verib. Sonra bir anda Orban əllərini yuxarı qaldıraraq Zelenskiyə nəsə deyib. Lakin videoda liderlərin dedikləri eşidilməyib.

Söhbət Ukrayna ilə Aİ, həmçinin Litva və Estoniya arasında təhlükəsizlik sazişləri imzalandıqdan sonra baş tutub.

Qeyd edək ki, iyulun 1-dən Avropa İttifaqı Şurasına altı aylıq sədrlik Macarıstana keçəcək.

Bundan əvvəl Orban Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləmək üçün razılaşma qarşılığında milli azlıqlara 11 tələb irəli sürüb.

Sultan AYXAN