Türkiyə Ordusu İzmirdə yanğının söndürülməsinə beş helikopter ayırdı

 19:25 29.06.2024     165

Türkiyənin Müdafiə Nazirliyi ölkənin qərbində İzmir vilayətinin Menderes rayonunda baş verən meşə yanğınının söndürülməsinə kömək etmək üçün təyyarələr ayırıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə nazirlik “X” sosial şəbəkəsində məlumat yayıb.

“İzmirdə yanğınsöndürmə işlərinə dəstək olmaq üçün Türkiyə Silahlı Qüvvələrinə məxsus 3 ədəd “Cougar” helikopteri və iki ədəd “CH-47” helikopteri cəlb edilib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, yanğın Bakı vaxtı ilə saat 14:00 radələrində Menderes rayonunda Qaracadağ meşə massivində baş verib. İzmir Regional Meşə Təsərrüfatı İdarəsi yanğının yayılmasının qarşısını almaq üçün səy göstərir.

Yanğının söndürülməsində idarənin 4 təyyarəsi, 8 helikopteri, 25 su tankeri, buldozer və onlarla yanğınsöndürən iştirak edir. Ehtiyat tədbiri olaraq yanğın zonasına yaxın kənddə yerləşən bir neçə yaşayış binası təxliyə edilib.