İran mühafizəkarları prezident seçkilərinin ikinci turunda onu dəstəklədi

 20:39 29.06.2024     223

İranın ən böyük mühafizəkar siyasi hərəkatlarından biri olan İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası və daha əvvəl namizədliklərini geri götürmüş vitse-prezident Əmirhüseyn Qazizadə Haşimi ilə Tehran meri Əlirza Zəkani seçkilərin ikinci turunda onların həmfikirləri - İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili üçün səsverməyə çağırıblar.

Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, Cəlilinin namizədliyini “İslam İnqilabının İzləyiciləri Şəbəkəsi” mühafizəkar hərəkatı da dəstəkləyib.

İranda prezident seçkilərinin birinci turunda üçüncü yeri tutan və yarışdan kənarda qalan İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf birinci turun rəsmi nəticələrinin açıqlanmasından bir saat sonra ikinci turda Cəliliyə səs verməyə çağırıb.

İslam İnqilabı Qüvvələrinin Koalisiya Şurası mühafizəkar namizədi açıq şəkildə dəstəklədiklərinə görə Qalibaf, Qazizadə Haşimi və Zəkaniyə təşəkkür edib.

Qeyd edək ki, İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub. Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.