Ermənistan Göyçə gölünün ekologiyasını MƏHV EDİR

 15:43 01.07.2024     166

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının üzvü Taqi Tovmasyan Göyçə gölünün sahillərinin çirkləndirilməsini tənqid edib. O, ölkənin Ətraf Mühit Nazirliyini fəaliyyətsizlikdə günahlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın “Armenia Today”nəşri məlumat yayıb.

“Ətraf mühit naziri Akop Simidyan bu görüntüləri çox diqqətlə izləməli və bu vəziyyətdən utanmalıdır. Bizim dörd gölümüz var və onlardan birinin bu hala düşməsi qəbuledilməzdir ”, - deyə Tovmasyan bildirib.

Xatırladaq ki, Göyçə gölü — Cənubi Qafqazda XX əsrin sonlarına qədər ətrafında əsasən azərbaycanlıların məskunlaşdığı ən iri şirin sulu göldür. Göl ümumilikdə 1400 km2 ərazini əhatə edir.

Ermənilər uzun illərdir ki, Azərbaycanın milli sərvəti olan Göyçə gölünü qəddarcasına istismar ediblər.

Bu gölün ekoloji cəhətdən suyunun quruması və eyni zamanda tərkibinin zənginliyinin pozulması, orada yaşayan canlıların azalması artıq fəlakətin yaxında olduğunu göstərir. Onlar Göyçə gölündən kənd təsərrüfatında kor-koranə şəkildə istifadə edirlər. İctimai iaşə və digər obyektlərin tullantılarının gölə axıdılması onun suyun tərkibinin dəyişməsinə, canlıların məhv olmasına və eləcə də orada bataqlığın yaranmasına gətirib çıxarır.

Bu vəziyyət Göyçə gölündə yaşayan alabalıq, xərçəng və farel kimi canlıların da sayının sürətlə azalmasına səbəb olub.

Əgər Ermənistanın Göyçə gölündə törətdiyi ekoloji terrorun qarşısı alınmasa, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər.