Ərdoğan Suriya ilə dialoqa hazır olduğunu TƏSDİQLƏDİ

 22:14 02.07.2024     182

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin normallaşdırılması üçün Suriya ilə dialoqa hazır olduğunu təsdiqləyib. O, bu barədə Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa videomüraciətində bildirib.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, yayım "TRT Haber" telekanalı tərəfindən həyata keçirilib.

 "Hesab edirik ki, xarici siyasət sağlam düşüncəni rəhbər tutmalıdır. Lazım olanlarla görüşməkdən imtina etməyəcəyik", - Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyənin xarici ərazilərə iddiası yoxdur, onun prioriteti Suriyanın ərazi bütövlüyü və milli birliyini qorumaqdır. Eyni zamanda o, Ankaranın ona bitişik ərazidə terror dövlətinin yaradılmasına imkan verməyəcəyini və yaranan terror təhlükəsi tamamilə aradan qaldırılana qədər tədbirlər görəcəyini vurğulayıb.

“Terror təhlükəsi qaldığı müddətcə ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etməyə davam edəcəyik”, – Ərdoğan qeyd edib.

O, həmçinin bildirib ki, 2011-ci ildən Suriyanı tərk edən 670 minə yaxın vətəndaş Türkiyədən qayıdıb və onlar üçün təhlükəsiz ərazilərdə mənzil tikintisi layihələrinin həyata keçirilməsi ilə onların sayı daha 1 milyon artacaq.

Yusif EYVAZLI