Britaniyanın yeni Baş naziri məlum oldu

 15:39 05.07.2024     166

Böyük Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qələbə qazanıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, ilkin nəticələrə görə, müxalif partiya İcmalar palatasında 650 yerdən 326-sını qazanıb.

2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyası isə hələ ki 71 yer qazanıb. Hazırda səslərin hesablanması davam etdirilir və Bakı vaxtı ilə 10:00-da başa çatmalıdır. 

Buna baxmayaraq, Britaniyanın hazırkı Baş naziri Rişi Sunak məğlubiyyətini etiraf edib və leyboristlərin nümayəndəsi Kir Starmeri qələbəsi münasibəti ilə təbrik edib.

“Leyboristlər Partiyası seçkilərdə qalib gəldi. Kir Starmeri qələbə münasibətilə təbrik etmək üçün ona zəng etdim”, - deyə Sunak qeyd edib. 

Bukinqem sarayının Mətbuat xidmətinin məlumatına görə, leyboristlərin lideri Kir Starmer Baş nazir vəzifəsinin icrasına başlayıb.

O, həmçinin yeni Nazirlər Kabinetinin formalaşdırılmasına dair Kral III Çarlzdan mandat alıb.