Britaniyanın yeni Baş naziri Baydenlə Ukraynaya dəstəyi müzakirə etdi

 23:18 05.07.2024     331

Böyük Britaniyanın yeni Baş naziri Key Starmer ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb və tərəflər Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

"Liderlər Böyük Britaniya və ABŞ arasında xüsusi münasibətlərə birgə sadiqliklərini, eləcə də iqtisadi artım üçün ortaq ambisiyalarını müzakirə etdilər. Geosiyasi çağırışları müzakirə edən liderlər Ukraynaya sarsılmaz sadiqliklərini bir daha təsdiq etdilər. Baş nazir Böyük Britaniyanın Ukraynaya sarsılmaz dəstəyini vurğuladı”, - açıqlamada deyilir.

Bundan əlavə, tərəflər AUKUS çərçivəsində tərəfdaşlıq da daxil olmaqla, bütün əsas xarici siyasət sahələrində işləmək barədə razılığa gəliblər. Starmer və Bayden Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlıq mövzusuna və Şimali İrlandiyadakı vəziyyətə də toxunublar. "Baş nazir və prezident gələn həftə Vaşinqtonda keçiriləcək NATO sammitində bir-birini görməyə ümid edirlər", - məlumatda deyilir.

Xatırladaq ki, Starmer iyulun 4-də keçirilən parlament seçkilərindən sonra hökumətin başçısı vəzifəsinə keçib. İlkin məlumatlara görə, onun rəhbərliyi altında Leyboristlər Partiyası yeni hökumətin formalaşdırılması üçün lazım olan səs çoxluğu əldə edərək, 650 yerlik İcmalar Palatasında ən azı 412 yeri təmin edib. 2010-cu ildən hakimiyyətdə olan Mühafizəkarlar Partiyasının hazırda cəmi 121 mandatı var. Şotlandiyanın şimalında daha bir seçki dairəsində bülletenlərin sayılması davam edir.

Turan İSMAYIL