ABŞ Avropa bazalarında təhlükəsizliyi artırdı

 11:15 10.07.2024     237

ABŞ-nin Avropadakı hərbi bazalarında gözlənilən təxribat qorxusu səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, Amerika kəşfiyyatı Rusiya tərəfindən muzdlu şəxslərin ABŞ hərbi obyektlərinə təxribat törətmək üçün silsilə hücumlar edəcəyi barədə məlumat alıb.

ABŞ-nin Avropa Komandanlığı CNN-ə artan təhlükəsizlik tədbirlərinin konkret səbəblərini açıqlamaqdan imtina edib.

Avropadakı bir neçə ABŞ hərbi bazası son 10 ildə ehtimal edilən ən yüksək terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib. Jurnalistlərin fikrincə, hücumun hədəfi hərbçilər və ya Amerika obyektləri ola bilər.

ABŞ Müdafiə Nazirliyi Avropadakı Amerika qoşunlarının təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlərin tətbiqini təsdiqləyib.

Xatırladaq ki, Almaniyanın qərbində yerləşən Spangdahlem Hərbi Hava Qüvvələrinin pilotlarına bazadan kənarda forma geyinməsi qadağan edilib. Komandanlığın əmrinə görə, hərbçilər mülki geyimdə xidmət yerinə getməlidirlər.

Qeyd edildiyi kimi, qərar “ehtiyat tədbirləri” üçün verilib.

Qeyd edəkm ki, bu, ABŞ hərbçilərinin xidmət məntəqələrindən kənarda forma geyinməsinə qadağa qoyulması ilk dəfə deyil. Analoji qərar 2010-cu ildə ABŞ-ın Avropa Komandanlığı tərəfindən qəbul edilib. 2014-cü ildə işə gedərkən geyinməyə qadağa qoyulsa da, 2022-ci ildə məhdudiyyətlər yumşaldılıb. Terror təhdidləri ilə əlaqədar müvafiq tədbirlərin görüldüyü dəqiqləşdirilir.

Sultan AYXAN