NATO-nun Ukraynanı üzv qəbul etməyə “iştahı yoxdur”... - Polşa

 19:33 12.07.2024     352

NATO ölkələri Ukraynanı yaxın gələcəkdə alyansa qəbul etməyə meylli deyillər, çünki onlar Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etmək niyyətində deyillər.

Redaktor.az xəbər verir ki, bunu Vaşinqtonda Amerika Sahibkarlıq İnstitutunda çıxışı zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"NATO ölkələrinin indi bunu etməyə iştahı yoxdur", - polşalı diplomat bildirib.

Nazir vurğulayıb ki, NATO-nun blok üzvlərinə zəmanəti yalnız alyans ölkə adından müharibəyə hazır olduqda verilməlidir.

Eyni zamanda, Sikorski qeyd edib ki, bütün NATO ölkələri Kiyevə uzunmüddətli hərbi yardım göstərməyə hazırdır.

Xatırladaq ki, iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilən NATO sammitində alyans ölkələri 2025-ci ildə Ukraynaya 40 milyard avro hərbi yardım göstərməyə razılaşıblar. Sammitin yekun bəyannaməsində də bildirilir ki, Ukrayna NATO-ya üzv olmaq üçün dönməz yoldadır. Eyni zamanda, ittifaq ölkələrinin liderləri Ukraynaya müttəfiqlər razılığa gəldikdə və giriş şərtləri yerinə yetirildikdə alyansa qoşulmaq üçün dəvət göndərəcəklərini bildiriblər.

Sultan AYXAN