Bu ölkəyə səyahət edən turistlər MÜKAFATLANDIRILACAQ
Avropa Birliyindəki bir çox ölkə artan turist sayına qarşı tədbir görməyə başlayıb. İspaniyanın Barselona şəhərində həddindən artıq turizmin yaratdığı izdihamdan bezən insanlar turistlərə su tapançasından su çiləyiblər. Bir çox şəhərlərdə bir günlük səyahət edənlərdən giriş haqqı almağa başlanılıb. Bunun əksinə olaraq isə Danimarkanın paytaxtı Kopenhagendəki turistlər məsuliyyətli davrandıqları müddətcə onlara maddi və digər imtiyazlar veriləcək.
Redaktor.az xəbər verir ki, bununla bağlı ölkənin Milli Turizm Şurası məlumat yayıb.
Danimarkanın paytaxtı turistlərin çox sıxıldığı digər səyahət yerlərindən fərqli olaraq, yalnız tərbiyəli, sosial və ekoloji cəhətdən şüurlu səyahətçiləri proqrama cəlb etməyə çalışır.
Belə ki, Kopenhagendə artıq velosiped sürən, ictimai nəqliyyatdan istifadə etmək, limanda və ya şəhər parklarında bağçılıq yaxud zibil toplamaq kimi yüngül işlərlə məşğul olanlar mükafatlandıracaqlar.
Yenidən istifadə oluna bilən qəhvə fincanı ilə gələn insanlar seçilmiş məkanlarda pulsuz kofe ala bilərlər. Yaxşı davranış müqabilində turistlərə damda yerləşən kafelərdə pulsuz içkilər və ya şəhərin süni xizək enişi kompleksində əlavə vaxt və digər üstünlüklər təklif olunacaq.
Sevinc İBRAHİMZADƏ