Oteldə 6 nəfərin cəsədi TAPILDI

Taylandın paytaxtı Banqkokda lüks oteldə Vyetnam vətəndaşı olduğu bilinən 6 nəfərin cəsədi tapılıb.
Redaktor.az xarici mətbuata istinadən xəbər verir ki, otel işçilərinin xəbəri ilə hadisə yerinə gələn polis qrupları ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən ediblər.
İstintaq zamanı məlum olub ki, qrup, əslində, 7 nəfərlik rezervasiya edib, lakin digər şəxsin harada olduğu məlum deyil. Otel otağına baxış zamanı stolların üzərində qəhvə və çay fincanları olub, lakin hər hansı bir döyüş və ya hücum faktı aşkar edilməyib.
Tayland polis rəisi Thiti Sanqsavanq hadisə ilə bağlı mətbuata açıqlamasında təmizlik işçiləri tərəfindən otel otağında ölü tapılan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki təsir əlamətlərinin olmadığını bildirib. Hadisədə həyatını itirən 6 nəfərdən 2-nin Vyetnam və ABŞ ikili vətəndaşı olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Sevinc İBRAHİMZADƏ