Ərdoğan və Əsəd bu şəhərdə görüş keçirə bilər

 23:30 22.07.2024     374

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında görüş avqustda Moskvada baş tuta bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin hökumətyönlü “Daily Sabah” qəzeti mənbəyə istinadən yazır.

"Ərdoğan və Əsəd arasında ilk görüşün (dövlət başçıları statusunda - red.) Moskvada keçirilməsi planlaşdırılır, bu, avqustda baş tuta bilər", - mənbə bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu danışıqlarda vasitəçi kimi çıxış edə bilər. Bundan əlavə, İraqın Baş naziri Məhəmməd əl-Sudaniyə də dəvət göndəriləcəyi istisna edilmir.

Mənbə bildirib ki, danışıqlarda qarşılıqlı ticarət mövzusu qaldırılacaq.

İyulun 16-da Türkiyənin “Hürriyet” qəzeti yazıb ki, Ərdoğan və Əsəd 2-3 ay ərzində üçüncü ölkədə görüşərək iki dövlət arasında münasibətlərin normallaşdırılmasını müzakirə edə bilərlər.

İyulun 12-də Ərdoğan bildirib ki, Türkiyə 2012-ci ildə əlaqələri kəsilmiş Suriya ilə münasibətləri normallaşdırmaq üçün konkret addımlar atmağı planlaşdırır.

Turan İSMAYIL