Bu ölkədə “qızıl viza” proqramına start verildi
İndoneziya daha çox xarici investisiya cəlb etmək üçün kapital sahibləri və bacarıqlı mütəxəssislər üçün ölkədə 5 və ya 10 il qalmaq imkanı verən “qızıl viza” proqramına başlayıb.
Redaktor.az xəbər verir ki, prezident Coko Vidodo açıqlamasında qızıl vizanın xarici sərmayələri asanlaşdıracağını ifadə edib.
Onun sözlərinə görə, bu proqramın ölkəyə sərmayə qoyacaq və istehsala töhfə verəcək keyfiyyətli ziyarətçi sayını artıracaq.
Bildirilib ki, qızıl vizanı əldə etməyin 9 fərqli yolu var. Ölkəyə 2,5 milyon dollar sərmayə qoyanlara 5 il, 5 milyon dollar yatıranlara isə 10 illik yaşayış icazəsi veriləcək.
Turistlər dövlət banklarına 350 min dollar yatırmaqla 5 il, 700 min dollar yatırmaqla 10 il müddətinə yaşamaq icazəsi ala biləcəklər. Depozitə qoyulan pul gələcəkdə dövlət istiqrazlarını və ya Mərkəzi Bankın siyahısında olan şirkətlərin səhmlərini almaq üçün istifadə oluna bilər.
130 min dolları dövlət banklarına yatırıb dəyəri 1 milyon dollardan yuxarı olan ev alanlar 5 illik viza ala biləcəklər.
Şirkətlər 5 illik qalmaq üçün 25 milyon dollar, 10 illik qalmaq üçün isə 50 milyon dollar sərmayə qoymağı öhdəsinə götürərək, menecerləri və yüksək vəzifəli məmurları üçün qızıl viza ala biləcəklər.
Sevinc İBRAHİMZADƏ