"İran Fələstin və Hizbullaha dəstəyini əsirgəməyəcək"
İranın Prezidenti Məsud Pezeşkian Fələstin İslami Cihad lideri Ziyad ən-Nəxalə və Livan Hizbullah rəhbərinin müavini Nəim Qasım ilə görüşüb.
Redaktor.az xəbər verir ki, bu barədə adminstrasiya məlumat yayıb.
Bildirilib ki, Pezeşkian bu qruplaşmaları İsrailə qarşı apardıqları mübarizədə dəstəkləməyə davam edəcəyini vurğulayıb.
"İranın Qüdsün azad edilməsi işinə dəstək verməklə bağlı mövqeyi hakimiyyətə gələn yeni hökumətlə dəyişməyib. Biz fələstinli qardaş və bacılarımızı İsrail rejiminin insanlığa qarşı cinayətləri ilə baş-başa buraxmayacağıq"- o deyib.
Qeyd edək ki, Tehranın bölgədəki müttəfiqi hesab etdiyi və “Müqavimət oxu” adlandırdığı İslami müqavimət qüvvələrinə müsəlman, əsasən də şiə olan yarımhərbi qruplaşmalar daxildir. Bunlar Fələstinin HƏMAS, Livanın Hizbullah, İraq İslami Müqaviməti, Yəmənin Husi üsyançı Ənsar Allah hərəkatı, Suriyada terrorçu qruplaşmalarla mübarizə aparan Əfqanıstan və Pakistan şiə birləşmələridir.
Türkan İSGƏNDƏRLİ