Torpaq sürüşməsi nəticəsində 194 nəfər ÖLDÜ

 11:33 01.08.2024     239

Hindistanın cənubundakı Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrindən sonra başladılan xilasetmə işlərinin üçüncü günündə ölənlərin sayının 194-ə yüksəldiyi bildirilib. Torpaq sürüşmələrindən sonra itkin düşdüyü bildirilən 180-dən çox insan üçün xilasetmə işləri fasiləsiz davam etsə də, ümidlər getdikcə azalır.

Redaktor.az xəbər verir ki, Kerala ştatının yüksək səviyyəli rəsmilərindən olan Pinarayi Vicayan torpaq sürüşmələrinin 186 nəfərin yaralanmasına səbəb olduğunu bildirib.

O deyib ki, torpaq sürüşmələrinə 1100-dən çox axtarış-xilasetmə personal cəlb edilib. Bu, Keralanın indiyə qədər gördüyü ən böyük təbii fəlakətlərdən biridir.

Zərər çəkmiş ərazidə körpünün uçmasından sonra Hindistan ordusu müvəqqəti körpünün tikintisinə başlayıb.

Bildirilib ki, ştatda təbii fəlakətdən zərər çəkmiş 8300-dən çox insan 82 yardım düşərgəsinə təxliyə edilib və hökumət bu düşərgələri ərzaq və ilkin tələbat malları ilə təmin edib.

Qeyd edək ki, iyulun 30-da yağan güclü yağışlar nəticəsində Kerala ştatında torpaq sürüşmələri baş verib, infrastruktura və yollara ciddi ziyan dəyib. Zərər çəkmiş Çoralmala kəndində 200 ev dağılıb.

Sevinc İBRAHİMZADƏ