Balıq tutmaq istəyən kişi timsahın qurbanı OLDU

 18:07 06.08.2024     253

Avstraliyalı kişi çay sahilinə balıq tutmaq qərarına gəlib və timsahın qurbanı olub.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Yeni Cənubi Uelsdən olan bir ailə karvanla ölkələrarası səyahətə çıxıb. Onlar Uzaq Şimal Kvinslenddə səyahət edərkən, kişi balıq ovuna getmək üçün Kuktaun yaxınlığındakı Annan çayında dayanmaq qərarına gəlib. Ailənin 40 yaşlı atası sahildə dayanarkən qəfil suya düşüb və bir daha su üstünə çıxmayıb. Hadisə onun həyat yoldaşı və iki uşağının gözü qarşısında baş verib. Çox güman ki, onu timsah suyun altında sürükləyib.

Adamın yoxa çıxdığı ərazi sürünənlərin tez-tez görüldüyü yer olduğundan "Timsah döngəsi" adlanır. Timsah yerli əhalinin avtomobillərlə vurduğu heyvanları körpüdən atmasına öyrəşib. Onun körpünün yaxınlığında olmasını bununla əlaqələndirirlər.

Polis, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Vəhşi Təbiəti Mühafizə İdarəsinin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirir. Axtarışlar hava və dəniz yolu ilə aparılır. Balıqçını yediyi iddia edilən timsahı tutmağı planlaşdırırlar. Amma adam yoxa çıxandan bəri timsahı görən olmayıb.

Sevinc İBRAHİMZADƏ