İran bu həftə İsrailə hücum edə bilər - Pentaqon

 23:43 13.08.2024     197

ABŞ Müdafiə Nazirliyi hesab edir ki, İran Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin qətlinə cavab olaraq bu həftədən etibarən İsrailə hücum edə bilər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

İranın İsrailə zərbələrinin yaxın günlərdə başlaya biləcəyi ilə bağlı sualı cavablandırarkən, o "Əlbəttə, mümkündür" deyib. "Nəhayət, mən onların nə vaxt hücum edəcəkləri ilə bağlı fərziyyələr söyləmək və ya təxmin etməyə çalışmaq niyyətində deyiləm, lakin demək istəyirəm ki, biz buna ciddi yanaşmalıyıq. Ona görə də biz hazır olacağıq və artıq hazırıq", - hərbi rəsmi əlavə edib.

Rayder Yaxın Şərqdəki Amerika qüvvələrinin nəzəri cəhətdən İrana hansı şəraitdə zərbə endirə biləcəyi sualına birbaşa cavab verməkdən yayınıb. "Biz vəziyyəti gərginləşdirməyə yönəlmişik. Dediyim kimi, qoşunlarımızı qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün bölgəyə əlavə qüvvələr və aktivlər yerləşdirmişik", - o deyib.

Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin yeni kəskinləşməsi Haniyənin Tehranda ölümündən və şiə Hizbullah hərəkatının hərbi qanadının komandirlərindən biri Fuad Şokrun Beyrutda məhvindən sonra başlayıb.

Turan İSMAYIL