Putin Fələstin liderini Moskvaya niyə çağırmışdı? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Fələstin lideri Mahmud Abbas və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib. Bu görüşdə bir çox məqamlara, ən əsası İsrail-Fələstin münaqişəsi müzakirə edilib. Putin Fələstinə olan dəstəyini dilə gətirib.
Əgər Fələstin-İsrail müharibəsi daha da gərginləşərsə və digər dövlətlər də qoşularsa, Rusiya burada hansı rolu oynayacaq?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Rusiya bu müharibədə vasitəçi rolunu oynaya bilər.
"Ümumiyyətlə, Rusiyada Fələstin rəhbəri Mahmud Abbasın qəbul edilməsi, əlbəttə ki, Rusiyanın İsrail-Fələstin münaqişəsində missiyaçı və vasitəçi qismində iştirak etmək niyyətlərini ortaya qoyur. Rusiya prosesdə təkcə Qərb mərkəzli danışıq platformalarının olmağını istəmir, istəyir ki, özü də bu müzakirələr platformasında aktiv şəkildə iştirak etsin. Ona görə də Fələstin Prezidenti Mahmud Abbası Moskvaya görüşə Putin dəvət elədi və ikisi arasında bölgənin gələcəyi ilə bağlı müzakirələr apardı, dəstəyini dilə gətirdi".
Politoloq qeyd etdi ki, müharibəyə qoşulmaq üçün Rusiyanın qarşısında maneələr var.
"Bunun üç səbəbi var. Birinci səbəb ondan ibarətdir ki, Fələstinlə İsrail arasındakı danışıqlarda Rusiya həlledici faktor deyil, əsasən İsraili dəstəkləyən və bu prosesdə qalan Qərb var və Qərb heç vaxt imkan verməz ki, Rusiya Fələstinlə İsrail arasındakı sülhə vasitəçi qismində iştirak etsin. Eyni zamanda, əlbəttə ki, İranla İsrail arasındakı gərginlik faktoru var və Rusiya başa düşür ki, onun istənilən halda bura qoşulmağı İsrailə qarşı İranın yanında yer almağı kimi görünə bilər. Ona görə də Rusiya bu məsələdə tam aktivlik nümayiş etdirməyəcək. Amma istənilən halda Rusiya Fələstinin mövqeyini dəstəkləyir. Amma Rusiyanın özünün həm də Ukrayna ilə müharibəyə başı qarışıqdı. Kursk və Belqorod ətrafında müəyyən hadisələr baş verir və indiki məqamda Rusiyanın bu məsələyə fokuslanmağı o qədər də mümkün deyil", - deyə Tural İsmayılov bildirdi.
Qeyd edək ki, Qəzza üzrə danışıqların növbəti mərhələsi avqustun 15-də Qətərdə baş tutacaq.
Türkan İSGƏNDƏRLİ