"Pezeşkian İranda qərar vermək hüququna malik deyil" - ŞƏRH

 16:31 23.08.2024     304

İranda Qadın Araşdırmaları və Tədqiqat İnstitutu məcburi hicab qaydalarının tətbiqi ilə bağlı Prezident Məsud Pezeşkiana müraciət edib. Qurum dövlət başçısına çağırış edərək, vətəndaşlara qarşı ədalətli və insaflı davranılacağı barədə vədlərini yerinə yetirmədiyini xatırladıb.

Maraqlıdır, Pezeşkian bundan sonra hicabla bağlı hansı addımları atacaq?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Natiq Miri bildirdi ki, Pezeşkian bu barədə qərar verməsi üçün tam hüquqa malik deyil.

"Bu bir dini məsələdir, yəni şəriət məsələsidir və İran da bir "şəriət" ölkəsi olduğu üçün burada qərarları hökumət deyil, əsasən ali dini lider Əli Xamenei və şura qərar verir. Çünki burada konkret ierarxiya var. Ayrıca bu dini məsələlərdə indiyə qədər bu rejimin hansısa cəhətdən, xüsusilə də örtünmə ilə bağlı güzəştə getdiyini 1979-cu ildən bəri hələ kimsə görməyib. Çünki bu rejim və ali dini lider, özlərini ruhani adlandıranlar hesab edir ki, bunlar dini cəhətdən, yəni İslam nöqteyi nəzərdən alimdirlər və cahil insanların istəyini yerinə yetirə bilməzlər.

Bu xüsusda mühitin yumşaldılması ilə bağlı Pezeşkian qərar vermək üçün tam hüquqa malik deyil. Sadəcə bu yöndə konkret istəklər, iradə, maraq ortaya qoya və bu mühitin yumşaldılması üçün ali dini liderlə danışa bilər, bundan artığını edə bilməz". 

Qarabağla bağlı vəziyyətdən çıxarın – “İlin sonuna lazımdır, yoxsa...” » Sedanews.az

Siyasi şərhçinin sözlərinə görə, Pezeşkian ölkədə verdiyi vədlərə görə basqı altında qalır.

"Düşünürəm ki, Məsuddan gözləntilər çoxdur və bu cür tələblər daha çox olacaq. Çünki xalqa, insanlara verilən bir vəd var. İnsanlar seçkidə ona görə iştirak etdi ki, onlarda yeni bir sifət və bu sifətin hakimiyyətə gəlməsi ilə bir dönüş nöqtəsinin yaranma inamı yarandı. Əgər bu olmasa, toplumda böyük parçalanma və xəyal qırıqlığı olacaq ki, bu da sistemə inamı birdəfəlik itirəcək. Bu, İran üçün, həm də Məsud bəy üçün heç nə müsbət gələcək vəd etmir".

Bəs hicabın dində yeri nədir, hicab taxmaq məcburidir? Natiq Miri bununla bağlı bildirdi ki, İslamda örtünməklə bağlı heç bir əmr yoxdur.

"Bu, Quranı yanlış anlamaqdır. Çünki din mövhumat, məcburiyyət deyil. İslam dini məcburiyyəti tanımır və Quranın ayəsinə görə: Sənin dinin sənə, mənim dinim mənə, ərəb dilində "lekum dinikum vəliyədin" deməkdir. Din yaşam deməkdir. Əgər din yaşam deməkdirsə, hər bir insan özünün yaradılış pitratına uyğun yaşamalıdır. Yəni hər kəsin özünün bir müstəqil şəriəti var və bu şəriəti insanın içində olan bu fitrət müəyyən edir. Kimsə buna məcburiyyət qoya bilməz. Yəni bu dünyada səkkiz milyard insan varsa, 8 milyardın özünün qayıdış yolu və şəriyyəti var. Burada məcburiyyət ola bilməz. Nə İslam, nə də Quran belə bir məhdudiyyət və məcburiyyət yaratmır. Sadəcə bunlar mövhumatdır və insanları idarə etmək üçün Quran ayələrini özlərinin maraqları kontekstində ortalığa qoymaqdan başqa bir şey deyil. Bu bir yalan və manipulyasiyadır", - politoloq dedi.

Xatırladaq ki, Azərbaycan türkü olan Məsud Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda İranın dövlət başçısı seçilib.

Türkan İSGƏNDƏRLİ