Belarus Ukrayna sərhədinə çoxlu sayda canlı qüvvə və hərbi texnika topladı
Hərbi təlimlər adı altında Belarus Ukrayna sərhədinə çoxlu sayda canlı qüvvə və hərbi texnika toplayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Nazirlikdən verilən açıqlamaya görə, Ukraynanın şimal sərhədlərinə yaxın Qomel bölgəsində xüsusi əməliyyat heyəti, tanklar, artilleriya, reaktiv sistemlər və hava hücumundan müdafiə vasitələri toplanıb. Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinin muzdluları da müşahidə olunub.
Ukrayna Xarici İşlər Nazirliyi Belarus hökumətini Moskvanın təzyiqi altında faciəvi səhvlərə yol verməməyə, hərbi komandanlığı isə düşmən hərəkətlərini dayandırmağa və qoşunlarını Ukrayna sərhədlərindən çıxarmağa çağırıb.
Nazirlik xəbərdarlıq edib ki, sərhəd pozulacağı təqdirdə Ukrayna özünümüdafiə tədbirləri görəcək və Belarus qoşunlarının cəmləşməsi Ukrayna Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək.
Sevinc İBRAHİMZADƏ