Bolqarıstanda növbədənkənar ümumi seçkinin tarixi AÇIQLANDI
Bolqarıstan prezidenti Rumen Radev siyasi qeyri-sabitliyin davam etdiyi ölkədə son 3 ildə yeddinci növbədənkənar ümumi seçkinin oktyabrın 27-də keçiriləcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, Radev növbədənkənar seçkilərə qədər ölkəni idarə edəcək müvəqqəti hökuməti qurmağı tapşırdığı baş nazir namizədi Dimitar Qlavçevi qəbul edib. Baş nazirliyə namizəd Dimitar Qlavçev bir baş nazirin müavini də daxil olmaqla cəmi 19 nazirdən ibarət müvəqqəti kabinet siyahısını prezident Radevə təqdim edib.
Prezident Radev nazirlərin and içə bilməsi üçün siyahını sabah parlamentə göndərəcəyini və oktyabrın 27-də yeni növbədənkənar ümumi seçkilərin keçirilməsi haqqında fərman imzalayacağını bildirib.
"Yeni müvəqqəti hökumətdən növbədənkənar ümumi seçkilərin ədalətli və şəffaf şəkildə keçirilməsi üçün lazımi təşkilatlanmanı gözləyirəm", - Radev bildirib.
Tətildə olan deputatlar sabah parlamentin növbədənkənar iclasına yeni nazirlərin andiçmə mərasiminə toplaşacaqlar.
Ölkədə 3 ildən artıqdır davam edən siyasi qeyri-sabitlik səbəbindən bolqar seçicilər oktyabrın 27-də 7-ci dəfə seçkiyə gedəcəklər. Sonuncu növbədənkənar seçkilərdə iştirak nisbəti 34 faiz səviyyəsində qalıb. Yeni seçkilərdə bu nisbətin daha da azalacağı gözlənilir.
Sevinc İBRAHİMZADƏ