Avropa İttifaqı Gürcüstanı HƏDƏLƏDİ
Gürcüstan hakimiyyətinin parlament seçkilərindən sonra eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyası və ona bağlı birliklərinin konstitusiyaya zidd fəaliyyətinin tanınması təşəbbüsünü həyata keçirməsi Avropa Komissiyasının reaksiyasına səbəb olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşrinə Aİ-nin xarici siyasət xidmətinin mətbuat katibi Piter Stano bildirib.
"Mövcud fəaliyyət kursu Gürcüstanın Aİ-yə gedən yolunu təhlükə altında qoyur, üzvlük prosesini effektiv şəkildə dalana dirəyir. Avropa Komissiyası Gürcüstandakı ritorikanı və hadisələri diqqətlə izləyir və buna uyğun cavab verməyə hazırdır. Bütün variantlar masadadır və biz bunu edəcəyik. Əgər bu bəyanatlar həyata keçərsə, buna uyğun hərəkət edəcəyik”, – Stano Gürcüstan hakimiyyətinin planlarını şərh edib.
Avqustun 20-də hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası bəyanat yayıb ki, qarşıdan gələn parlament seçkilərində qalib gəlsə və qanunverici orqanda konstitusiya çoxluğunu əldə etsə, eks-prezident Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasını konstitusiyaya zidd elan edəcək.
Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək. Hakim partiya liderlərinin fikrincə, onun reytinqi 60%-ə yaxındır və bir çox müxalifət partiyaları parlamentə düşmək üçün beş faizlik baryeri keçə bilməyəcək. Rusiya Xarici Kəşfiyyat Xidməti bazar ertəsi bildirib ki, Ağ Ev parlament seçkiləri ərəfəsində “Gürcüstandakı vəziyyətin inkişafından son dərəcə narazıdır” və buna görə də amerikalılar respublikada “rəngli inqilab” hazırlayırlar.
Turan İSMAYIL