Makronun Durova təklifi üzə çıxdı - YENİ DETALLAR
2018-ci ildə Fransa prezidenti Emmanuel Makron "Telegram"ın qurucusu Pavel Durova platformanın qərargahını Parisə köçürməyi təklif edib, lakin o, bundan imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazır.
Nəşrin məlumatına görə, təklif nahar zamanı edilib. Sonra Durov imtina edib. Makron hətta "Telegram"ın yaradıcısına Fransa vətəndaşlığının verilməsi məsələsini də müzakirə edib.
Məsələ ilə yaxından tanış olanların verdiyi məlumata görə, 2017-ci ildə Makronla görüşdən bir il əvvəl fransız casuslar Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə birgə həyata keçirdikləri əməliyyatda Durovu “Bənövşəyi Musiqi” kod adı ilə hədəfə alıblar və onun "iPhone"unu sındırıblar. Fransa təhlükəsizlik xidmətləri İŞİD üzvlərinin yaraqlıları cəlb etmək və hücumlar planlaşdırmaq üçün "Telegram"dan istifadə etməsindən son dərəcə narahat olub.
Durov ona görə hədəfə alınıb ki, onun proqramı demokratiya etirazçıları və dissidentlərdən tutmuş islamçılara, narkotik alverçilərinə və kibercinayətkarlara qədər müxtəlif qrupların diqqətini cəlb edib. Durova yaxın mənbənin sözlərinə görə, şirkət illərdir hüquq-mühafizə orqanları tərəfindən göndərilən və şirkətin nadir hallarda yoxlanılan e-poçt ünvanında yığılan məhkəmə çağırışlarına və məhkəmə qərarlarına məhəl qoymayıb.
Qəzet qeyd edir ki, Makronla əvvəlki görüşlərinin və ya Durovun telefonunun sındırılmasının onun həbsində hər hansı rol oynadığına dair heç bir əlamət olmasa da, bu detallar Durovun Fransa və BƏƏ ilə uzun və mürəkkəb münasibətlərinə yeni işıq salır.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb. Fransa polisinin məlumatına görə, o, "Telegram" vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərin ortağıdır. Onu Fransada 20 ilə qədər həbs gözləyir. Avqustun 27-də Paris prokurorluğu Durovun həbsinin yeni təfərrüatlarını açıqlayıb. "Telegram"ın təsisçisinin həbs müddətinin 48 saat uzadıldığı bildirilib.
Sevinc İBRAHİMZADƏ