Yaponiyada "Şanşan" qasırğası fəlakətə yol açdı: Ölən və yaralananlar var
Yaponiyada “Şanşan” qasırğası güclü yağışlara və torpaq sürüşməsinə səbəb olub. İlkin hesablamalara görə, 4 nəfər ölüb, 94 nəfər yaralanıb.
Redaktor.az xəbər verir ki, "Kyodo News"un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) rəsmiləri Şanşan qasırğasının ölkənin cənubuna daha çox təsir etdiyini bildirib.
Rəsmilər, güclü yağış və küləyin təsirli olduğu Kaqoşima, Kumamoto və Miyazaki əyalətlərində ilkin məlumatlara görə, 94 nəfərin yaralandığını bildirib.
Qasırğa səbəbiylə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfərin həyatını itirdiyi açıqlanıb və bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Rəsmilər bəzi bölgələrdə qatar xidmətlərinin və reyslərin ləğv edildiyini, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyini bildirib.
Qeyd edək ki, Yaponiya Metrologiya Agentliyi dünən "Şanşan" qasırğası səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və qasırğanın sürətinin saatda 250 kilometrə çatdığını açıqlayıb.
Seymur BƏNNAYEV