Bu gün İsrail ordusunun hücumu nəticəsində 31 fələstinli HƏLAK OLDU

 21:40 29.08.2024     180

İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölənlərin sayı 31-ə yüksəlib.

Redaktor.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal Telegram hesabında İsrailin hücumlarında yeni itkilərlə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında, Qəzza şəhərinin Zeytun rayonunda fələstinli “Şeyx” ailəsinə məxsus evi bombalayıb. Hücum nəticəsində 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin şərqində yerləşən Əl-Kəbirə qəsəbəsinin Vadi Sabir bölgəsində didərgin düşmüş mülki əhalinin sığındığı çadırı bombalayıb. Hücumda 5 fələstinli həyatını itirib.

Digər tərəfdən, səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusu Xan Yunisin qərbindəki Asdaa həbsxanası yaxınlığındakı Əl-Əməl bölgəsində gəzinti sahəsində yaşayan köçkün vətəndaşları pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə alıb. Hücum nəticəsində 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Səhiyyə mənbələri səhər saatlarından etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 31-ə yüksəldiyini bildirib. Mənbələr yaralananların sayı və onların sağlamlıq vəziyyəti barədə məlumat verməyib.

Seymur BƏNNAYEV