Bu ölkədə "oğrular üçün məktəb" yaradılıb
Hindistan ştatlarında qeyri-qanuni təhsil müəssisələri populyarlaşır.
Redaktor.az "South China Morning Post"a istinadən xəbər verir ki, kasıb ailələrdən olan valideynlər yeniyetmə uşaqlarını təcrübəli cinayətkarların zəngin toylarda qonaqlardan oğurluq etməyi öyrətdiyi "məktəb"ə göndərmək üçün pul yığırlar.
Məlumata görə, bu təcrübə Hindistanın mərkəzi Madhya Pradeş əyalətinin bir çox kəndlərində yayğındır. Valideynlər adətən, təxminən 12 və ya 13 yaşlarında olan uşaqlarını onlara təlim vermək üçün yerli dəstələrə göndərirlər. Burada onlara oğurluq, insanların çox olduğu yerlərdə cibgirlik, polisdən qaçma, döyülmə kimi hadisələrə məruz qalanda nə etməli olduqları öyrədilir. Həmçinin uşaqlara qumar oynamaq və spirtli içki satmaq da öyrədilir.
Belə “məktəblərdə” təhsilin dəyəri 200-300 min rupi (2400-3600 ABŞ dolları) təşkil edirsə, “məzunların” gəliri bu məbləğdən 5-6 dəfə çox ola bilir. Bundan əlavə, dəstələr uşaqlarının fəaliyyəti üçün valideynlərə ildə 300-500 min rupi (3600 dollar) ödəyirlər.
Polisin məlumatına görə, Hindistanda bu cür məktəblərin 300-dən çox “şagirdi” cinsi təcavüzə məruz qalıb.
Hindistanda oğurluqda təqsirli bilinənləri 7 ilə qədər həbs və cərimə gözləyir. Bununla belə, ölkənin hüquq sistemi yetkinlik yaşına çatmayanlar arasında baş verən cinayətlərə qarşı daha dözümlüdür deyə islah və təhsil məsələlərinə diqqət yetirir.
Sevinc İBRAHİMZADƏ