BMT 10 ölkəyə 100 milyon dollar YARDIM ETDİ
Birləşmiş Millətlər Təşkilatı (BMT) böhran və qeyri-kafi maliyyələşmə yaşayan 10 ölkəyə ümumilikdə 100 milyon dollar ayırdığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu yardım Birləşmiş Millətlər Təşkilatı tərəfindən (BMT) Afrika, Asiya, Yaxın Şərq və Amerikada böhran və qeyri-kaf maliyyələşmə yaşayan ölkələr üçün nəzərdə tutulub.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən yazılı açıqlamada, BMT-nin Mərkəzi Fövqəladə Hallar Fondundan (CERF) təmin ediləcək 100 milyon dollarlıq resursun böhran yaşayan ölkələrə köçürüləcəyi qeyd edilib.
Bəyanatda bildirilib ki, bu yeni ayrılan fondun üçdə birindən çoxu insanların aclıq, köçkünlük, xəstəliklər və iqlim fəlakətinin təsirləri ilə mübarizə apardığı Yəmən (20 milyon dollar) və Efiopiyada (15 milyon dollar) yardım əməliyyatlarını dəstəkləyəcək. İqlim böhranından sağlamlığa qədər bir çox problemlərin mövcud olduğu Myanmaya 12, Maliyə 11, Burkina Fasoya 10, Haitiyə 9, Kameruna 7, Mozambikə 7, Burundiyə 5 və Malaviyə 4 milyon dollar ayrılıb.
Seymur BƏNNAYEV