"Rusiya raketlərini vurmaq konstitusion öhdəliyimizdir" - Polşa XİN
Polşa öz milli təhlükəsizliyi üçün Ukrayna üzərində Rusiya raketlərini vurmağın konstitusion öhdəlik olduğunu bəyan edib.
Redaktor.az xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiya raketləri onların hava məkanına daxil olmamışdan əvvəl dayandırılmalıdır.
NATO-nun etirazına baxmayaraq, hava məkanının qorunmasının hər şeydən daha vacib olduğunu qeyd edən Sikorski deyib: "NATO-ya üzvlük öz hava məkanımızı qorumaq məsuliyyətini ortadan qaldırmır".
Sikorski, Rusiya raketlərinin Polşa hava məkanına daxil olmamışdan əvvəl Ukrayna üzərində vurulmasının özünümüdafiə olacağını deyərək, bunu ölkənin milli təhlükəsizliyi üçün "konstitusion öhdəlik" adlandırıb.
Qeyd edək ki, ötən həftə Polşa Rusiya ordusunun pilotsuz uçuş aparatları (PUA) ilə Ukraynanın müxtəlif bölgələrinə hücum etdiyi bir vaxtda Ukrayna istiqamətindən onun hava məkanına naməlum uçan obyektin daxil olduğunu bildirib.
Seymur BƏNNAYEV