HƏMAS girovlara görə İsraili hədələdi
Qəzza zolağında saxlanılan israilli girovlara təyin edilmiş mühafizəçilər İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçilərinin onların saxlandıqları yerlərə yaxınlaşması halında xüsusi göstərişlər alıb.
Redaktor.az xəbər verir ki, bunu Fələstin HƏMAS hərəkatının hərbi qanadının - İzzəddin əl-Qəssam Briqadası qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə təsdiqləyib.
“Biz tamamilə birmənalı olaraq deyirik: Nuseyratda baş verənlərdən (bu ilin iyununda dörd girovun uğurla azad edilməsi əməliyyatı nəzərdə tutulur – qeyd) sonra döyüşçülər, əsirləri qoruyanlar, İsrail hərbçiləri onların saxlandıqları yerə yaxınlaşarsa, girovlarla necə davranacaqları ilə bağlı yeni təlimatlar alıblar” - Əbu Ubeydə rəsmi teleqram kanalında yayımladığı bəyanatda deyir.
Radikalların sözçüsü hədələyib ki, “Qəzzada atəşkəs haqqında saziş bağlamaq əvəzinə, əsirləri hərbi təzyiqlə azad etməyə cəhd etməyə davam etmək yalnız girovların tabutlarda ailələrinə qaytarılacağı anlamına gələcək”.
Turan İSMAYIL