“Patriot”ların Ukraynaya verilməsi üçün lazım olan məbləğ AÇIQLANDI
Rumıniya parlamentinin deputatları “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi haqqında qanun layihəsini səs çoxluğu ilə təsdiqləyiblər.
Redaktor.az xəbər verir ki, bu barədə "Agerpress" agentliyi məlumat yayıb.
Sənəddə bildirilirib ki, Ukraynaya silah təhvil verilməsi Rumıniya ilə ABŞ arasında tərəfdaşlığı gücləndirəcək. Qanunda vurğulanıb ki, hökumət xarici təmənnasız mənbələrdən maliyyələşmə ilə oxşar sistemi almaqla ölkənin müdafiə qabiliyyətini bərpa edəcək. Hava hücumundan müdafiə sisteminin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsi üçün 60 milyon dollar lazım olacaq.
Müxalif Rumınların Birliyi Alyansının üzvü Mirça Celaru bu qərarı tənqid edib. Onun fikrincə, büdcəsinin fəlakətli kəsiri olan dövlətin belə bir hədiyyə edib, sonra isə müəyyənləşdirilməmiş mənbələrdən müdafiə qabiliyyətini bərpa edəcəyinə söz verməsi qəbuledilməzdir.
Xatırladaq ki, Rumıniya iyunun sonunda Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil vermək qərarına gəlib. Ötən gün Rumıniya hökuməti obyektin Ukraynaya verilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Sevinc İBRAHİMZADƏ