ABŞ Gürcüstana yeni məhdudiyyətlər tətbiq edəcək - Metyu Miller
ABŞ Gürcüstanın xarici təsirlərin şəffaflığı qanununa görə Gürcüstana qarşı əlavə məhdudlaşdırıcı tədbirləri istisna etmir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.
Amerika xarici siyasət departamentinin nümayəndəsinin sözlərinə görə, Gürcüstan hakimiyyəti ABŞ üçün “narahatlığa səbəb olan” istiqamətdə irəliləməkdə davam edir. "Bu, ölkəni Avro-Atlantik inteqrasiyadan ayırır", - Miller bildirib.
O, Gürcüstanda xarici agentlər haqqında qanuna daxil olan təşkilatların qeydiyyat müddətinin sentyabrın 2-də başa çatmasını belə şərh edib.
“Biz bu qanunun xarici agent kimi könüllü qeydiyyatdan keçmək istəməyən hüquqi şəxslərə, o cümlədən mülki təşkilatlara və müstəqil mediaya tətbiqindən narahatıq”, - deyə o, əlavə edib. Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, ABŞ əvvəllər xarici agentlər haqqında qanunla əlaqədar Gürcüstan hakimiyyətinə qarşı viza məhdudiyyətləri tətbiq edib. “Mən bundan sonra da tədbirlərin görüləcəyini istisna etmirəm”, - o vurğulayıb.
Xatırladaq ki, mayın 14-də Gürcüstan parlamenti üçüncü oxunuşda xarici təsirin şəffaflığı haqqında qanunu qəbul edib və bu qanun Avropa İttifaqı və ABŞ-nin sərt bəyanatlarına səbəb olub. Ölkə prezidenti Salome Zurabişvili mayın 18-də qanuna veto qoyub, lakin parlament mayın 28-də qanunu ləğv edib. Qeyri-hökumət təşkilatları qanun qəbul ediləcəyi təqdirdə reyestrdə qeydiyyatdan keçməyəcəklərini dəfələrlə bəyan ediblər, çünki onlar xarici dövlətin maraqlarını təbliğ edən təşkilat adlandırılmasını ədalətli saymırlar. Gürcüstan hakimiyyəti israr edir ki, qanun yalnız maliyyə şəffaflığı üçün lazımdır və xaricdən maliyyələşmə xarici maraqların təşviqi deməkdir.
Qanun maliyyəsinin 20%-dən çoxu xaricdən gələn qeyri-hökumət təşkilatlarına və mediaya şamil edilir. Onlardan hər ilin yanvar ayında Ədliyyə Nazirliyinə gəlir və xərclər haqqında bəyannamə təqdim etmələri tələb olunur. Əks halda onları 25 min lari (9,2 min dollardan çox) məbləğində cərimə gözləyir. Cərimədən sonra bəyannamə təqdim edilməzsə, gecikdirilən hər ay üçün 20 min lari (7,3 min dollardan çox) tutulacaq. Təşkilatların reyestrdə qeydiyyatı avqustun 1-dən başlayıb.
Turan İSMAYIL