Bu ölkədəki qeyri-qanuni mühacirlər tezliklə deportasiya ediləcək

 17:38 06.09.2024     121

İranın daxili işlər naziri İsgəndər Mumini Fars əyalətində İranın dini lideri Əli Xameneinin nümayəndəsi Ayətullah Lütfullah Decqam ilə görüşüb. O, görüş zamanı ölkədəki qeyri-qanuni mühacir probleminə toxunub.

Redaktor.az xəbər verir ki, bu barədə "rasanews.ir" məlumat yayıb.

"Qanunsuz əcnəbilərin olması problem yaratmaqla yanaşı, bir çox iş imkanının da bu insanlar tərəfindən ələ keçirilməsinə səbəb olub. Qonaq qəbul etmə imkanını aşan bir ev qonaqları da narahat edər. Bu səbəbdən qeyri-qanuni xarici vətəndaşları ən qısa zamanda deportasiya edəcəyik" , - deyə o bildirib.

Qeyd edək ki, 1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan əfqan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 42 ildir davam edir. Xüsusilə son illərdə təhlükəsizlik, siyasi və iqtisadi problemlərin yaşandığı Əfqanıstandan İrana kütləvi şəkildə qeyri-qanuni mühacir axını müşahidə olunur. İran rəsmiləri bildirirlər ki, qeyri-rəsmi məlumatlara görə, ölkədə təxminən 5 milyon əfqan var və onların çoxu qeyri-qanuni mühacirdir.

Prezident Məsud Pezeşkiyan seçki kampaniyası zamanı qeyri-qanuni mühacirlərin ölkədə narkotik və məşğulluq kimi ciddi sosial zərərlərə səbəb olduğunu və bu problemi həll edəcəklərini bildirib.

Digər tərəfdən, İran son aylarda ölkənin şərqində Əfqanıstanla sərhəddə 930 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.

Daxili İşlər Naziri Mumini ölkəyə qeyri-qanuni yollarla daxil olan mühacirlərin deportasiyasının onların prioritetləri arasında olduğunu və bununla bağlı Milli İmmiqrasiya İdarəsi quracaqlarını bildirib.

Sevinc İBRAHİMZADƏ