ABŞ vətəndaşı snayperlə vurulub?

 23:38 06.09.2024     197

İordan çayının qərb sahilində həlak olan Türkiyə və ABŞ vətəndaşı Ayşenur Ezgi Eygi qəsdən snayperlə vurulub.

Redaktor.az TRT telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

Qeyd olunur ki, Fələstin rəsmiləri müvafiq məlumatları Türkiyənin Qüdsdəki Baş Konsulluğuna ötürüb. “Onların məlumatlarına görə, Ayşenur Ezgi Eygi snayperin qəsdən hədəfi olub. Fələstin səlahiyyətliləri istifadə edilən güllənin plastik deyil, real olduğunu düşünürlər".

Bu şübhələrlə əlaqədar olaraq, fələstinli həkimlər də öz növbəsində mərhumun yarılmasını planlaşdırırlar.

İsrail ordusunun mətbuat xidmətinin daha əvvəl bildirdiyi kimi, hərbçilər İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında nümayişin dağıdılması nəticəsində bir ABŞ vətəndaşının həlak olması ilə bağlı xəbərləri yoxlayır. Fələstinin WAFA agentliyi də öz növbəsində 26 yaşlı türk əsilli ABŞ vətəndaşının öldüyünü bildirib. Onun sözlərinə görə, o, İsrail qüvvələrinin Nablus yaxınlığında keçirilən nümayişi dağıtması zamanı aldığı kəllə-beyin yarasından ölüb. WAFA-nın məlumatına görə, amerikalı İsrail hökumətinin İordan çayının qərb sahilində yəhudi məskənləri şəbəkəsini genişləndirməyə yönəlmiş siyasətinə etiraz aksiyasında iştirak edib.

Vaşinqton administrasiyası ABŞ vətəndaşı Ayşenur Ezgi Eyginin ölüm şəraitini öyrənmək niyyətindədir və alınan məlumatlar əsasında tədbirlər görə bilər. Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Turan İSMAYIL