“Müharibəni üç aya bitirə bilərəm...” – Zelenski Qərbə şərt QOYDU

 13:28 07.09.2024     143

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı müharibəyə başlamasından sonra Almaniyadakı ABŞ-ın Ramşteyn hərbi bazasında Qərb ölkələrinin yaratdığı təmas qrupu dünən ilk dəfə Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə 24-cü iclasını keçirib.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, Ukrayna lideri Zelenski iddia edib ki, Qərb uzaqmənzilli silahları Rusiya daxilində istifadə etməyə icazə verərsə, müharibə 3 aya bitəcək.

ABŞ-ın 250 milyon dollarlıq əlavə hərbi yardım paketini açıqladığı sammitdə Qərbdən Ukraynaya daha qəti dəstək addımları tələb edən Zelenski, ancaq bu şəkildə müharibənin qış aylarına bitə biləcəyini deyib.

Bildirilir ki, Zelenski Qərbdən təkcə yeni hava hücumundan müdafiə silahları deyil, həm də yeni uzaqmənzilli raketlər, Almaniyadan 500 km mənzilli Taurus, ABŞ-dan isə 1000 km mənzilli JASSM qanadlı raketləri istəyib.

Rus qoşunlarının Donetsk cəbhəsində irəliləməsinə baxmayaraq, Kursk hücumu ilə müharibədə təşəbbüsün Rusiyadan alındığını iddia edən Zelenski, Ukrayna hərbçilərinin Kurska daxil olmasından bir ay ötdüyünü deyib:

“Bir ay ərzində 1300 kvadratkilometr Rusiya ərazisi və yüzdən çox yaşayış məntəqəsi bizim nəzarətimizə keçdi. Bir ayda təkcə Kursk vilayətində 6 min rus əsgəri həyatını itirdi. Putin Kursk vilayətində baş verənləri gizlətməyə çalışsa da, biz məqsədimizə nail olduq. Artıq üstünlük bizim əlimizdədir”.

Zelenskinin Almaniyada keçirilən 24-cü Ramşteyn təmas qrupu sammitindən bir nömrəli gözləntisi Rusiya ərazisində müəyyən etdikləri 250 əsas hərbi hədəfi Qərb silahları ilə vurmaq üçün icazə almaq olub.

VASİF