Körfəz ölkələri İsrailə silah ixracının məhdudlaşdırılmasını DƏSTƏKLƏDİ

 22:58 09.09.2024     198

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Britaniyanın İsrailə silah ixracını məhdudlaşdırmaq qərarını dəstəkləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Körfəz ölkələri nazirlərinin görüşünün yekunları üzrə dərc olunmuş regional təşkilatın bəyanatında deyilir.

“Nazirlər görüşündə iştirak edənlər Böyük Britaniyanın Qəzza zolağında müharibə aparmaq üçün istifadə edilən avadanlıqlar da daxil olmaqla, İsrail işğalçı qüvvələrinə silah ixracı üçün lisenziyaların dayandırılması barədə bəyanatını alqışladılar”, - Körfəz Əməkdaşlıq Təşkilatının Baş Katibliyi tərəfindən yayımlanan sənəddə deyilir.

Bundan əlavə, nazirlər vurğulayıblar ki, İsrailə silah ixracının məhdudlaşdırılması Beynəlxalq Cinayət Məhkəməsinin qərarına, həmçinin BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın Qəzza zolağında atəşkəs tələb edən qətnamələrinə uyğundur.

Xatırladaq ki, sentyabrın əvvəlində Britaniya hökuməti bir sıra hərbi məhsulların İsrailə ixracına icazəni dayandırıb. Söhbət Britaniya hökumətinin əvvəllər verdiyi 350 silah ixracı lisenziyasından 30-dan gedir. Məhdudiyyətlər xüsusilə pilotsuz təyyarələr və hərbi helikopterlər üçün komponentlərə, eləcə də yer hədəfləri üçün silah yönləndirmə sistemlərinə aiddir.

Krallığın xarici işlər naziri Devid Lammin deyib ki, İsrail Qəzza zolağında hərbi əməliyyat keçirərkən humanitar qanunlara əməl olunmasına daha məsuliyyətli münasibət nümayiş etdirərsə, Britaniya hakimiyyəti məhdudiyyətləri ləğv etməyə hazır olacaq.

Turan İSMAYIL