Almaniyada polisin əcnəbilərə qarşı sistemli qərəzləri var - ARAŞDIRMA

 23:06 09.09.2024     189

Almaniyada aparılan araşdırma, alman polisində əcnəbilərə qarşı sistematik qərəzlərin olduğunu ortaya çıxarıb.

Redaktor.az xəbər verir ki, Almaniyada miqrasiya, inteqrasiya, mədəni müxtəliflik və sığınacaq sahələrində elmi araşdırmalar və məlumatlar dərc edən “İnteqrasiya üçün Media Xidməti”nin sifarişi ilə aparılan araşdırmaya görə, alman polisinin etnik mənsubiyyətlə bağlı qərəzləri öz fəaliyyətlərini həyata keçirərkən mühüm rol oynayır. 

Aşağı Saksoniya əyalətində aparılan araşdırmalara görə, polis xüsusilə Afrika əsilli insanları və albanları potensial narkotik satıcıları kimi görür. Bu şəxslər özlərini şübhəli aparmasalar belə, polis onların şəxsiyyətini yoxlaya bilərlər.

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, şəxsə milli mənsubiyyətinə görə rəftar edilməsi polisdə fərdi təcrübə deyil, ümumi iş proseslərində formalaşmış təcrübədir.

Bildirilib ki, polis bir işə gedərkən etdikləri risk qiymətləndirməsində cənubi avropalıları “impulsiv”, rusları isə “zorakı” kimi xarakterizə edib. Bildirilib ki, polis xüsusilə gəncləri, solçu siyasi baxışlı şəxsləri, ərəb və türk gənclərini “polisə düşmən və hörmətsiz” kimi təsnif edir.

Bu səbəbdən yaranan ayrı-seçkiliyin bu təbəqədən olan insanlara qarşı laqeydlik, kobudluq, dözümsüzlük şəklində əks olunduğu qeyd edilib. Bununla belə, polisin oxşar vəziyyətlərdə bu profildən kənar insanlara qarşı daha qayğıkeş və hörmətli davrandığı bildirilir.

Seymur BƏNNAYEV