İsrail son 11 ayda 5-ci dəfə eyni məktəbi vurub - BMT

 23:50 11.09.2024     168

Birləşmiş Millətlər Təşkilatı (BMT)  İsrailin son 11 ayda 5-ci dəfədir ki, Qəzza zolağının orta hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində didərgin düşmüş vətəndaşların sığındığı  Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) məxsus məktəbə atəş açdığını bildirib.

Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında UNRWA məktəbinə hücumla bağlı jurnalistlərin suallarını cavablandırıb.

Məktəbin sığınacaq kimi istifadə edildiyini vurğulayan Dujarrik, bu barədə məlumatın daha əvvəl İsrail təhlükəsizlik qüvvələri ilə paylaşıldığını bildirib.

Dujarric, sahədəki həmkarlarının hadisəni qiymətləndirdiyini ifadə edərək deyib: "İsrail son 11 ayda 5-ci dəfə eyni məktəbi vurdu".

Hücum nəticəsində bəzi UNRWA personalının həyatını itirdiyinə dair xəbərlərin olduğuna diqqət çəkən Dujarrik, buna aydınlıq gətirməyə çalışdıqlarını bildirib.

Dujarrik hücumla bağlı İsrail ordusu ilə əlaqə saxladıqlarını, lakin onlara heç bir izahat verilmədiyini bildirib.

Seymur BƏNNAYEV