Rusiyanı sülhə məcbur etmək üçün uzaqmənzilli silahlardan istifadə etməliyik - Zelenski
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən müharibəyə son qoymaq və Rusiyanı sülh bağlamağa məcbur etmək üçün Qərb ölkələrinin istehsal etdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması lazım olduğunu deyib.
Redaktor.az xəbər verir ki, Ukrayna prezident aparatının verdiyi açıqlamaya görə, Zelenski 20-ci Yalta Avropa Strategiya Görüşünün açılışında çıxış edib.
Rusiya-Ukrayna müharibəsinin davam etdiyini bildirən Zelenski, Rusiyanın intensiv hava hücumlarının qarşısını almaq üçün Qərb ölkələrinin ölkəsinə verdiyi uzaqmənzilli silahların Rusiya mövqelərinə qarşı istifadə edilməsinin lazım olduğunu vurğulayıb.
Rusiyada hərbi hədəflərə qarşı bu silahlardan istifadənin hələlik qadağan olduğunu xatırladan Zelenski deyib:
"Xəritədə Rusiyanın hara hücum etdiyini, qüvvələrini harada hazırladığını, ehtiyatlarını harada saxladığını, hərbi obyektlərini harada yerləşdirdiyini və hansı logistikadan istifadə etdiyini görən hər kəs Ukraynanın uzaqmənzilli silahlara ehtiyacını aydın şəkildə anlayacaq”.
Sentyabrın 11-də Kiyevdə ABŞ dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüşdüyünü deyən Zelenski Ukraynanın niyə uzaqmənzilli silahlardan istifadə tələb etməsi barədə nazirləri məlumatlandırdığını bildirib.
Seymur BƏNNAYEV