Türkiyə XİN Fələstinin BMT-də tanınması üçün beynəlxalq təzyiqə ÇAĞIRDI

 23:26 13.09.2024     222

Türkiyənin xarici işlər naziri Hakan Fidan Madriddə Qəzza üzrə keçirilən təmas qrupunun iclasının iştirakçılarını Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünə və dövlətçiliyinin tanınmasına qarşı çıxan ölkələrə təzyiq göstərməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair internet saytında dərc olunmuş bəyanatında deyilir.

“Madriddəki görüşlərdə nazir qeyd edib ki, Fələstin dövlətinin BMT-nin tamhüquqlu üzvü olması və daha çox ölkə tərəfindən tanınması üçün birgə təşəbbüslərin həyata keçirilməsini genişləndirmək lazımdır. Buna qarşı çıxan ölkələrə təzyiq göstərmək üçün nazirimiz həmçinin daha çox ölkəni Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı qaldırılan soyqırım işinə qoşulmağa çağırıb”.

XİN qeyd edib ki, Türkiyə Fələstində dərhal və daimi atəşkəsin təmin edilməsi, həmçinin Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılması üçün fəaliyyətini davam etdirəcək. Bundan əlavə, Ankara Yaxın Şərq regionunda “iki dövlət həllinə nail olmaq üçün lazımi addımları atmağı” dayandırmayacaq.

Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, beynəlxalq ictimaiyyətə Fələstin dövlətçiliyinin tezliklə tanınması və iki dövlətin yaradılması çağırışı Madriddə keçirilən görüşün yekun bəyannaməsində yer alıb.

Xatırladaq ki, təmas qrupu 2023-cü ilin noyabrında Ər-Riyadda İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının birgə sammitindən sonra yaradılıb. Buraya yeddi ölkənin xarici işlər nazirləri daxildir: Türkiyə, Misir, İndoneziya, İordaniya, Nigeriya, Fələstin və Səudiyyə Ərəbistanı. Onların bu formatda işinin məqsədi münaqişənin həlli yollarını tapmaq və digər dövlətlərin rəhbərliyini Yaxın Şərqdə təcili atəşkəsin təmin edilməsinin zəruriliyinə inandırmaq, habelə Qəzza zolağına humanitar yardımın fasiləsiz çatdırılmasını təşkil etməkdir.

Turan İSMAYIL