Livandakı əməliyyat Netanyahu tərəfindən təsdiqlənib - KİV

 23:54 17.09.2024     157

Livanda peycerlərin partladılması əməliyyatı İsrailin Baş naziri Benyamin Netanyahu ilə bu ölkənin hökumət üzvləri və təhlükəsizlik rəsmiləri arasında keçirilən görüşlərdə təsdiqlənib.

Redaktor.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin bildirdiyinə görə, əməliyyata həftənin əvvəlində icazə verilib. Mənbə iddia edir ki, İsrail rəhbərliyi münaqişənin məqsədlərini köçkün israillilərin Livan sərhədindəki evlərinə qaytarılmasını da əhatə etməklə genişləndirmək qərarına gəlib.

İki ABŞ rəsmisi "Axios"a bildiriblər ki, İsrail ABŞ-yə belə bir əməliyyata hazırlıq barədə məlumat verməyib. İsrail rəsmiləri portala bildiriblər ki, yəhudi dövləti insident nəticəsində ciddi eskalasiya riskinin fərqindədir və İsrail hərbçiləri şiə Hizbullah hərəkatının mümkün cavabı üçün yüksək hazırlıq vəziyyətindədirlər.

Bundan əvvəl media İranın Beyrutdakı diplomatik missiyasının rəhbərinin rabitə qurğusunun partlaması nəticəsində xəsarət alması barədə məlumat yayıb. Daha sonra İRNA xəbər agentliyi diplomatın yüngül xəsarətlər aldığını və həyatının təhlükədə olmadığını dəqiqləşdirib. İslam Respublikasının diplomatik nümayəndəliyi X sosial şəbəkəsindəki hesabında təsdiqləyib ki, “səfirin ümumi vəziyyəti narahatlıq doğurmur”.

Turan İSMAYIL