Rusiya BMT Təhlükəsizlik Şurasından çıxarılacaq? - ABŞ-dən REAKSİYA

 23:30 19.09.2024     108

Rusiyanın BMT Təhlükəsizlik Şurasından kənarlaşdırılması Ukraynaya genişmiqyaslı işğalın başlanğıcından tələb olunur. Ancaq buna nail olmaq inanılmaz dərəcədə çətindir.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

Jurnalist Millerdən Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq üçün ABŞ-nin mövqeyinin nə ola biləcəyini soruşub.

"Düşünürəm ki, bu, Rusiyanın Ukraynaya qeyri-qanuni təcavüzünə başlayandan və ya genişləndirəndən bəri insanların müxtəlif vaxtlarda çağırdığı bir şeydir. Əgər BMT Nizamnaməsinə baxsanız, buna nail olmaq inanılmaz dərəcədə çətin olacaq", - Dövlət Departamentinin sözçüsü cavab verib.

O, həmçinin əlavə edib ki, indi ABŞ Ukrayna kontekstində mümkün olan şeylərə diqqət yetirir.

Xatırladaq ki, bir müddət əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bəyan etmişdi. Xüsusilə, o, qanunsuz müharibədə iştirak edən istənilən üzvün BMT-dən çıxarılmasını təklif edir. Söhbət Rusiyadan da gedir.

Stubb həmçinin hesab edir ki, daimi üzvlərin sayını 5-dən 10-a çatdırmaq və veto hüququnu ləğv etmək lazımdır.

Turan İSMAYIL