ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı
ABŞ-nin gələn həftə ayırmağı planlaşdırdığı Ukrayna üçün yeni silah paketinin həcmi 375 milyon dollar təşkil edəcək.
Redaktor.az bu barədə "Reuters"ə istinadla xəbər verir.
Agentliyin qeyd edib ki, Amerikanın Kiyevə hərbi yardımının yeni paketinə patrul katerləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatları, 155 mm və 105 mm-lik artilleriya mərmiləri və digər silahlar daxildir. Yeni yardım paketinin ümumi həcminin 375 milyon dollar olacağı gözlənilir.
CNN daha əvvəl xəbər vermişdi ki, ABŞ gələn həftə Ukraynaya böyük yeni hərbi yardım paketini açıqlayacaq, lakin Kiyevə silah və texnikanın tədarükü ehtiyat çatışmazlığı səbəbindən gecikmələrlə üzləşəcək. Telekanal qeyd edib ki, yeni paketin ölçüsü son çatdırılmalardan xeyli böyük olacaq. Sentyabrın əvvəlində Vaşinqton administrasiyası Kiyevə 250 milyon dollar dəyərində hərbi yardım paketi ayırıb, bu paketə avadanlıq və sursat daxildir.
Xatırladaq ki, aprelin 24-də ABŞ Prezidenti Co Bayden İsrail, Ukrayna və Tayvana silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiqlədiyi qanun layihələri paketini imzalayıb. Aprelin 20-də sənədlər Nümayəndələr Palatası, aprelin 23-də isə Senat tərəfindən təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edib ki, bura Ukrayna üçün 61 milyard dollardan əlavə, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki şəxslərə humanitar yardım göstərmək üçün vəsait daxildir.
Turan İSMAYIL